20.09.2019 - Mobil qeydiyyat xidməti cəbhə bölgəsində

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq cəbhə bölgəsində yaşayan sakinlərə xidmətlərin daha rahat və innovativ üsullarla təqdim edilməsi, ünvanlardaca göstərilməsi, o cümlədən vətəndaşların sosial-iqtisadi sahələrdə problemlərinin həll edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Buna uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi də vətəndaş xidmətin deyil, xidmətin vətəndaşın ünvanında olması prinsipinə əməl edərək nəinki şəhərlərdə, iş yerlərində, ucqar bölgələrdə eləcə də, cəbhə xəttinə yaxın yerləşən rayonlarda sosial qeydiyyat kampaniyaları keçirir.   

Komitə cəbhə bölgələrində yaşayan əhaliyə mütəmadi olaraq ünvanlardaca daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlər göstərir, vətəndaşların xidmətlərdən daha operativ yararlanması üçün genişmiqyaslı işlər görür. Sosial əhəmiyyətli kampaniya bu dəfə sentyabrın 20-də Ağdamın Çıraqlı kəndində keçirildi. Həmin kampaniya bu əraziyə yaxın yerləşən Ağdamın Əhmədağalı,Mirəşelli, Kol Qışlaq kəndlərini də əhatə etdi.

Səyyar ofislər cəbhə xəttində 100-ə yaxın sakinə birbaşa olduqları məkanda qeydiyyat xidməti göstərib, vətəndaşlardan əmlaka dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanıb. Onların 35-i Əhmədağalı, 30-u, Mirəşelli, 25-i Çıraqlı, 10-a yaxını isə Kol Qışlaq kəndlərinin sakinləri olub. Əldə edilən sənədlər fərdi yaşayış evinə, həyətyanı torpaq sahələrinə aid olub. Bu fəaliyyət dövlət qayğısının bariz nümunəsi olmaqla xidmətləri cəbhə bölgəsindəki sakinlər üçün daha əlçatan edir.

Xidmətdən istifadə edən vətəndaşlar arasında Qarabağ müharibəsinin iştirakçıları, şəhid ailələri, döyüşlərdə xəsarət almış şəxslər də olub. Hətta onların bəzilərinə qeydiyyat xidmətləri evlərindəcə göstərilib. Qeyd edək ki, əmək və ya məişət fəaliyyəti səbəbindən vaxtı az olanlara yaşadıqları ərazilərdə, sağlamlıq imkanları məhdud cəbhə bölgəsi sakinlərinə evlərində xidmətin göstərilməsi birbaşa olaraq onların rahatlığına istiqamətlənib. Kampaniyadan istifadə edən bütün vətəndaşlar göstərilən yüksək səviyyəli xidmətdən razılıqlarını bildiriblər. 

Bundan başqa mobil ofislərdə yaradılan şərait nəticəsində mütəxəssislər çıxarış veriləcək əmlakların müayinəsini, çöl-ölçmə işlərini, texniki plan-ölçülərinin müəyyən olunmasını həyata keçiriblər.

Komitənin fəaliyyətində istifadə olunan yeniliklər, müxtəlif sadələşmiş və elektron formada göstərilən xidmətlər barədə sakinlər əməkdaşlar tərəfindən  məlumatlandırılıb. Bildirilib ki, əmlaklara dair çıxarışlar kağız formasında deyil, elektron qaydada əldə edilir. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalına yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir.