21.10.2019 - "Böyük qəsəbəni uzağı noyabrda təhvil verəcəyik"

Bu ilin sonuna qədər Sizin tapşırıqlarınıza əsasən bir neçə rayonda qəsəbələrin tikintisi başa çatdırılacaq". 

Fins.az xəbər verir ki, bunu Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

"Şirvan rayonunda 685 mənzilli qəsəbəmiz artıq hazırdır, tamamlama işləri yekunlaşır. Beləliklə, Şirvan şəhərində məskunlaşan bütün məcburi köçkünlər mənzillərlə təmin olunacaqlar. Hətta ətraf rayonlardan bir neçə ailəni də həmin qəsəbəyə yerləşdirə biləcəyik. Göyçay rayonunda 80 mənzildən ibarət binada artıq tamamlama işləri bitir. Orada da qəzalı vəziyyətdə olan bir binada yaşayan 80 məcburi köçkün ailəsinin hamısı yeni mənzillərə köçürüləcək. Sizin tapşırığınıza əsasən Kürdəmirdə salınan, 565 mənzildən ibarət böyük bir qəsəbəmizdə də tamamlama işləri aparılır. Yəqin ki, oktyabr ayının axırları, yaxud noyabrın ortalarında onu da təhvil verə biləcəyik. Beləliklə, Kürdəmir rayonunda məskunlaşan bütün məcburi köçkünlərin hamısı bu qəsəbədə mənzillə təmin olunacaq. Oraya hətta ətraf rayonlardan bir neçə ailəni də gətirə biləcəyik.

Göygöl rayonunda ümumilikdə 130 mənzildən ibarət üç binanın inşası davam edir. Ağcabədi rayonunda əsasən laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsində 645 fərdi ev tikilir. Biz 645 ailəni ilin sonuna qədər o evlərə köçürəcəyik. Ucar rayonunda 250 ailəlik bir qəsəbəmiz də ilin sonuna qədər tamamlanacaq. Beləliklə, Sizin tapşırıqlarınız əsasında Komitə tərəfindən inşa edilən mənzillərin sayı 3700-ə çatacaq".

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib.

©Marja